Aprelin 11-də Suraxanı rayon İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyəti və Regional İnkişaf İctimai Birliyi tərəfindən birgə hazırlanan “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirilib
Təqdimat mərasimində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova, RİHBA-nın şöbə müdirləri, qazilər, rayonun təhsil müəsissələrinin rəhbərləri, məktəblilər iştirak etmişdirlər.
Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova tədbir iştirakçılarını salamlamış və qeyd etmişdir ki, “Bizim böyük Qələbəmiz” adlı kitab Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü və xalqımızın birliyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbəmizdən bəhs edir. K.Axundova bildirmişdir ki, şagirdlərimiz bu kitabı oxuyarkən Zəfər tariximizi daha yaxından öyrənəcək və aydın qavrayacaq, həmçinin onlarda tariximizə, tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə və müasir Azərbaycanın inkişaf yoluna diqqət və marağın artırılmasına düzgün yanaşma tərzi formalaşacaqdır.
Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov kitabın əhəmiyyəti barədə danışaraq bildirdi ki, “Bizim böyük Qələbəmiz” adlı kitab gələcək nəslin ölkənin keşməkeşli tarixi keçmişini öyrənməsi, onlarda Vətənə sevgi və vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində böyük rol oynayacaqdır.
Çıxışlardan sonra tədbir Suraxanı rayon məktəblilərinin təqdimatında bədii hissə ilə davam edib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilmişdir.