Növbəti səyyar görüş Yeni Suraxanı qəsəbəsinin sakinləri ilə keçirilib
Aprelin 7-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Yeni Suraxanı qəsəbəsinin sakinləri ilə keçirmişdir.
Ə.Məmmədov adına 101 saylı tam orta məktəbin akt zalında 130 nəfərə yaxın sakinlə keçirilən səyyar görüşdə Milli Məclisin deputatı Afət xanım Həsənova, RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə müstəqilliyimizin əbədi və dönməz olduğunu vurğulayaraq ölkəmizin dünyada layiq olduğu mərtəbəyə məhz onun uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bildiyini qeyd etmişdir.
RİH başçısı Əziz Əzizov Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın döyüş meydanında qələbəsini şərtləndirən əsas amillərin güclü dövlət, zəngin iqtisadiyyat, siyasi iradə, məqsədyönlü diplomatiya və ən nəhayət, məhz ordu quruculuğunda aparılan genişmiqyaslı islahatlar olduğunu bildirmişdir.
Milli Məclisin deputatı Afət xanım Həsənova çıxışında bugünədək sakinlər tərəfindən qaldırılan problemlərin araşdırılaraq həlli istiqamətində tədbirlərin görüldüyünü, xüsusi əhəmiyyət daşıyan bir sıra problemlərlə bağlı aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları qarşısında, Milli Məclis və Milli Məclisin Komitə iclaslarında məsələlərin qaldırıldığını vətəndaşların nəzərinə çatdırmışdır. O, bildirmişdir ki, Yeni Suraxanı qəsəbəsinin ən ciddi ekoloji problemi, neft çıxarılması nəticəsində əmələ gələn kimyəvi tərkibli texniki suların qəsəbədə torpaq səthində aşkar surətdə axıdılmasının aradan qaldırılmasına nail olunub. Eləcə də rayonda nəqliyyat problemlərinin həlli ilə bağlı RİH başçısı Əziz Əzizovun iştirakı ilə Bakı Nəqliyyat Agentliyində birgə görüşün keçirildiyini qeyd edən Afət xanım Həsənova bu sahə üzrə də müvafiq işlərin aparıldığını bildirmişdir.
Daha sonra sakinləri maraqlandıran məsələlər müzakirə olunmuş, müraciətlər cavablandırılmış və ya araşdırılması üçün nəzarətə götürülmüşdür.