Şriftin ölçüsü :

Saytın rəngi :

1-ci Qarabağ müharibəsinin Şəhidi Bünyadəli Qulamoğlunun 65 illik yubileyi münasibətilə büstünün açılış mərasimi keçirilib

04 aprel 2022 | 16:00

Aprelin 4-də 285 №-li tam orta məktəbin adını daşıyan 1-ci Qarabağ müharibəsinin Şəhidi Bünyadəli Qulamoğlunun 65 illik yubileyi münasibətilə büstünün açılış mərasimi keçirilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyeva, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin müavinləri və şöbə müdirləri, Şəhidin həyat yoldaşı Qətibə xanım, övladları, nəvələri, Şəhid anaları və digər qonaqlar iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Bünyadəli Qulamoğlunun büstünün açılışından sonra mərasim akt zalında davam etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında Şəhidin ruhunu ehtiramla yad edərək bildirmişdir ki, Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, həm də qürurumuz, fəxrimizdir. O, erkən yaşlarından ana nəvazişinə həsrət qalmış Şəhid Bünyadəli Qulamoğlunun ölümündən sonra onun əmənat qoyduğu övladlarını Vətənə layiq böyüdərək boya-başa çatdıran həyat yoldaşı Qətibə xanıma minnətdarlığını bildirmişdir. Həmçinin, Vətən müharibəsində qazanılan qələbənin Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin məqsədyönlü iqtisadi, siyasi və diplomatik sahədə həyata keçirdiyi misilsiz tədbirlərin, islahatların, quruculuq və idarəetmə işlərinin nəticəsi olduğunu, qazanılmış tarixi zəfərimizin milli kimliyimizi, birliyimizi və gücümüzü bütün dünyaya nümayiş etdirdiyini qeyd etmişdir. Vətənin adını ucaldan, Azərbaycana yüksək fəxarət, şərəf gətirən Şəhid, qazi və Milli qəhrəmanların ailələrinin dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğu vurğulamışdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyeva şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə təşəbbüslərin təqdirəlayiq olduğunu bildirmişdir. O, 1-ci Qarabağ müharibəsi iştirakçısı olan Bünyadəli Pələngov kimi müstəqilliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların gənc nəslə örnək olduğunu, Vətən uğrunda canını qurban verən igidlərin heç zaman unudulmayacağını qeyd etmişdir. Həmçinin qəhrəmanlarımızın, şəhidlərimizin başladığı mübarizə yolunun qələbə ilə başa çatmasının hər bir azərbaycanlının qürur yeri olduğunu bildirmişdir.
Tədbirdə şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirmişlər.
Daha sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunmuşdur.

 

Keçidlər