1-ci Qarabağ müharibəsinin Şəhidi Bayramov Fazil Sahabəli oğlu doğum günündə anılıb
Aprelin 1-də Vətən uğrunda canını fəda edən qəhrəmalardan biri, 1-ci Qarabağ müharibəsinin Şəhidi Bayramov Fazil Sahabəli oğlu doğum günündə anılmışdır.
Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşlarının, Şəhidin məzun olduğu 279 saylı tam orta məktəbin müəllim və şagird kollektivinin, eləcə də Şəhidin doğmalarının iştirakı ilə Fazil Bayramovun barelyefi ziyarət olunaraq önünə gül dəstələri düzülmüş, əziz xatirəsi ehtiramla yad edilmişdir.
Tədbirdə çıxış edən 279 saylı tam orta məktəbin direktoru və RİHBA-nın əməkdaşı bildirmişlər ki, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş, qürurumuz və fəxrimiz olan şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Həmçinin qeyd olunmuşdur ki, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində xalqımız bu gün sözlə ifadə edilməsi mümkün olmayan qazandığımız Şanlı Qələbənin sevincini hədsiz fərəh və qürur hissləri ilə yaşayır.
Anım tədbirində 279 saylı tam orta məktəbin şagirdləri Şəhidlərimizə ithaf olunmuş şerlər səsləndirmiş, vətənpərvərlik ruhunda mahnılar ifa etmişlər.
Qeyd edək ki, 01.04.1975-ci ildə dünyaya göz açan Fazil Bayramov 1993-cü ilin yazında Azərbaycan ordusuna həqiqi hərbi xidmətə çağırılıb. O, Ağdam, Ağdərə istiqamətindəki döyüşlərdə iştirak edərək 1993-cü ilin dekabr ayının 10-da Füzuli istiqamətində gedən döyüşlərdə düşmən zirehli texnikasından atılan atəş nəticəsində yaralanmış, düşmənə əsir düşməmək üçün qumbara ilə özünü partlatmışdır. Şəhidin 40 gündən sonra tapılan nəşi gətirilərək İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.