Aprelin 1-i Şəhidimiz İslamlı Ruhid Uğur oğlu doğum günündə anılıb
Xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından, qanından keçən igid Vətən oğullarımızdan biri Şəhidimiz İslamlı Ruhid Uğur oğlu yaşasaydı bu gün 23 yaşı tamam olacaqdı.
Şəhidin doğum günündə məzun olduğu Zığ qəsəbəsi, 315 saylı tam orta məktəbdə anım tədbiri keçirilmişdir. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və RİHBA-nın əməkdaşları, şəhidin doğmaları, döyüş yoldaşları iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə 1999-cu ilin bu günündə dünyaya göz açan Şəhidimiz İslamlı Ruhid Uğur oğlunun həyat yolunu əks etdirən video-çarxlar nümayiş olunmuş, şagirdlərin ifasında şerlər səsləndirilmiş, səhnəciklər göstərilmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki, Vətən müharibəsindəki möhtəşəm qələbə dövlət başçımız cənab İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə dahi siyasətçi olmaqla informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi. O, həmçinin dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısından bəhs edərək bildirmişdir ki, gənc nəsil və müasir gənclərimiz şəhidlərimizin qanı, canı bahasına əldə olunmuş qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daima qoruyub saxlamalı və özlərindən sonrakı gələcək nəsillərə ötürməlidirlər.
Digər qonaqlar da çıxış edərək işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətindən bəhs etmiş, Şəhidlərimizə Allahdan rəhmət diləmişlər.
Daha sonra Şəhidimiz İslamlı Ruhidin Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsində yerləşən Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunmuş, ruhuna dualar oxunmuş və onun əziz xatirəsi ehtiramla yad edilmişdir.
Qeyd edək ki, İslamlı Ruhid ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.