Martın 21-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram şənliyi keçirilib
21 mart 2022-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın tarixi qədər qədim və ən əziz el bayramlarından olan Novruz bayramı münasibətilə Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev parkında sevimli və məşhur müğənnilərimizin ifası və möhtəşəm atəşfəşanlıq ilə ümumrayon bayram şənliyi keçirilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatlarımız Afət xanım Həsənova, Etibar Əliyev, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədrinin səlahiyyətlərini icra edən Anar İbrahimov, YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, RİHB-nin müavinləri, RİHBA-nın əməkdaşları, Şəhid ailələri və qazilərimiz, idarə, müəssisə və təşkilatların kollektivləri və rayon ictimaiyyəti iştirak etmişlər.
RİH başçısı Əziz Əzizov Heydər Əliyev parkında ucaldılmış bayram tonqalını yallı sədaları altında rayon sakinlərinin iştirakı ilə alovlandırdıqdan sonra sevimli müğənnilər öz ifaları ilə tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmişlər. Konsert proqramında 20-dən çox incəsənət xadimi, o cümlədən Respublikanın xalq artisti Teyyub Aslan, Respublikanın əməkdar artistləri Zakir Əliyev, Aygün Bəylər, Tural Ağasiyev, sevimli qiraət ustası Ağalar Bayramov, Niyam Salami, Nihat Məlik, meyxana ustaları Namiq Qaraçuxurlu, Səməd Bülbülə, “Aysel” rəqs qrupu və digər sevimli musiqiçilər çıxış etmişlər.
Tədbirdə xalqımızın min illər boyu, qoruyub saxladığı, milli mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz bayramının qədim köklərə aid olduğunu və hər kəsin qəlbində əbədi yaşayacağını daima vurğulayan Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin bu bayramı hələ o vaxtkı sovet rəhbərliyinin sərt rejimi, qadağaları dövründə bütün ölkəmiz miqyasında yüksək səviyyədə təşkil olunmasında və böyük sevgiylə keçirilməsində əvəzsiz rolunun olduğu, məhz Ulu Öndərin sayəsində Respublikamız müstəqilliyini bərpa etdikdən sonra xalqımızın öz adətlərini, milli dəyərlərini, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etdiyi vurğulanmışdır.
Həmçinin, bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, qədirbilən xalqımızın qətiyyətli Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşmaları, eləcə də Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə bütövləşmiş yurdumuzun hər guşəsində Şanlı Qələbəmizin əbədi bahar gətirdiyi bu əziz bayramın Zəfər ovqatı ilə qeyd edildiyi hər kəsin diqqətinə çatdırılmışdır.
Hər bir Azərbaycanlının sevinc və qürur hissinə çevrilmiş bu qələbədə canlarından keçməklə xalqımızın azadlığı uğrunda qəhrəmanlıq dastanı yazan bütün Şəhidlərimizin xatirəsi bu əziz gündə bir daha ehtiramla yad edilmişdir.