Martın 14 –də Vətən müharibəsinin şəhidi Fərzullazadə Mehdi Zaman oğlunun və 1-ci Qarabağ müharibəsinin şəhidi Abdullayev Murad Nadir oğlunun adlarının əbədiləşdirilməsi məqsədilə inşa edilmiş bulaq – abidə kompleksinin açılış mərasimi keçirilib
Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət xanım Həsənova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHBA-nın şöbə müdirləri, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Şəhid ailələri iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidlərin Vətən müharibəsi zamanı göstərdikləri qəhrəmanlıqlardan söz açaraq bildirmişdir ki, dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz və xalqımız tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
Həmçinin, Milli Məclisin deputatı Afət xanım Həsənova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər qonaqlar 30 illik işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən danışaraq bütün şəhidlərimizə Allahdan rəhmət diləmişlər.
N.Həmidov adına 208 saylı tam orta məktəbin şagirdləri tərəfindən Şəhidlərimizin xatirəsinə həsr olunmuş bədii hissə nümayiş etdirilmişdir.
Mərasimdən sonra Bülbülə qəsəbəsində, Şəhidlər xiyabanında Şəhidlərimizin məzarı ziyarət edilmiş, önünə gül dəstələri düzülərək ruhuna dualar oxunmuş, əziz xatirələri ehtiramla yad edilmişdir.