Fevralın 19-da Şəhid Səmədli Elşən Bayram oğlunun doğum günündə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilmiş bulaq – abidə kompleksinin açılış mərasimi keçirilib
Fevralın 19-da Vətən müharibəsinin şəhidi Səmədli Elşən Bayram oğlunun doğum günündə adının əbədiləşdirilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilmiş bulaq – abidə kompleksinin açılış mərasimi keçirilmişdir.
Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 30 illik işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən, igid vətən oğullarımızın qəhrəmanlıqlarından danışaraq bildirmişdir ki, dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
Həmçinin, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxışlarında qazandığımız tarixi qələbənin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli milli ordumuzun şücaəti, xalqımızın birliyi və Şəhidlərimizin qanı bahasına mümkün olduğunu bir daha vurğulamışlar.
Daha sonra, Şəhid Səmədli Elşən Bayram oğlunun məzun olduğu R.Ənnağıyev adına 141 saylı tam orta məktəbin şagirdlərinin ifasında bədii hissə nümayiş olunmuşdur.
Mərasimdən sonra Şəhidin Əmircan qəsəbəsi, Şəhidlər xiyabanında məzarı ziyarət edilmiş, önünə gül dəstələri düzülərək ruhuna dualar oxunmuş, əziz xatirəsi ehtiramla yad edilmişdir.