Suraxanıda “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” qeyd edildi
25 dekabr 2014-cü il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun birgə təşkilatçılığı ilə “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibəti ilə tədbir keçirilmişdir.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbir Mərkəzin Elektron lektoriya zalında bəstəkar Sevinc Tofiqqizinın Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Xatirələrim” və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr olunmuş “İlhamlı Azərbaycanım” kliplərinin təqdimatı ilə başladı.
Təqdimatdan sonra çıxış edən Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd etdi ki, xalqımız, dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-də milli həmrəylik gününü qeyd edir. İlk dəfə 24 il əvvəl həmrəylik və birlik arzuları ilə dillərə gətirilən və rəsmiləşdirilən bu bayram ürəklərdə uzun illərdən bəri qorunan azadlıq və birlik hisslərinin təzahürüdür.
“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”nün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda başlayan milli-azadlıq mübarizəsinin ən gərgin vaxtında Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən etdi. Həmin dövrdə Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il, dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” tarixi qərarı qəbul etdi. Bu qərara əsasən, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Beləliklə, dünyanın 70-dən yuxarı ölkəsinə səpələnən 50 milyondan çox azərbaycanlı vahid azərbaycançılıq ideyası ətrafında birləşdirilməsinin və milli diasporumuzun formalaşdırılmasının əsası qoyuldu.
1993-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi rəsmi bayram elan edilmişdir.
Ulu Öndər hakimiyyətə gəldiyi ilk gündən, özünəməxsus uzaqgörənliklə, xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil.
“Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”-deyən Ümummilli Lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının I qurultayında söylədiyi fikirlər bu gün də hər bir azərbaycanlının milli qürur hissinin ifadə formasına çevrilmişdir.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu xəttə sadiqliyini Prezidentliyinin ilk vaxtlarından nümayiş etdirir. Cənab İlham Əliyev xarici ölkələrdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını dövlətin başlıca vəzifəsi hesab edir.
Dünyanın müxtəlif guşələrində məskən salmış soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi heyrətamiz uğurlarla fəxr edirlər.
Tədbirdə çıxış edən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qeyd etdi ki, Müstəqil Azərbaycan Respublikası tarix baxımından çox qısa bir dövr ərzində qərinələrə bərabər inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanımız dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə genişmiqyaslı islahatlar davam etdirilir. İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, Azərbaycanın Avropa xalqları ailəsində nüfuzu artır.
Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Sonda bəstəkar Sevinc Tofiqqizının bəstələdiyi mahnıları ifa edən müğənnilər Rəşad İlyasov, Aysel Əlizadə, Şəbnəm, Aslan Hüseynov maraqlı konsert proqramı ilə çıxış edərək “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibəti ilə soydaşlarımızı təbrik etdilər.