Suraxanı rayonunda Yapon bağı salınacaq
Yaxın vaxtlarda paytaxtın Suraxanı rayonunda Yapon bağının tikintisinə başlanılacaq. Bu barədə Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış “KOSUQİ” şirkətinin rəhbəri Saki Kosuqinin başçılıq etdiyi nümayəndə heyətinin Suraxanı Rayonu İcra Hakimiyyətində keçirdiyi görüşdə məlumat verilib.
“KOSUQİ” şirkətinin nümayəndələri ilə görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ölkələrimiz arasında formalaşan dostluq münasibətlərindən, onun tarixi köklərindən danışdı. Bildirdi ki, Yaponiya ilə Azərbaycan arasında münasibətlərin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və hər iki ölkə üçün səmərəli olan ikitərəfli münasibətlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyi nəticəsində yeni mərhələyə yüksəlib.
İlqar Abbasov 6 ay öncə Azərbaycan nümayəndə heyətinin tərkibində Yaponiyada səfərdə olduğunu, salınan yaşıllıqların miqyası, rəngarəngliyi, o cümlədən “Kosuqi” şirkətinin təcrübəsi ilə tanış olduğunu diqqətə çatıdırdı. Paytaxtın Suraxanı rayon həyata keçirilən irimiqyaslı layihələr barədə qonaqlara məlumat verdi. Bildirdi ki,dövlət başçısının tapşırığına əsasən aparılan genişmiqyaslı işlər, həmçinin Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələr rayonun simasının daha da gözəlləşməsinə xidmət edir.
Azərbaycanı çox sevdiyini deyən “KOSUQİ” şirkətinin rəhbəri Saki Kosuqi isə ölkələrimiz arasında mövcud münasibətlərin yüksək səviyyəsindən, Bakıda gördüyü qonaqpərvərlikdən danışdı. O, həyata keçiriləcək layihələr barədə də məlumat verdi. Dedi ki, şirkəti Azərbaycanın İsmayıllı rayonunda Yapon bağı salıb və yaxın vaxtlarda Suraxanı rayonunda da belə bir parkın salınmasını planlaşdırır. Yeni Günəşli yaşayış sahəsində yeni tikilən istirahət mərkəzinin bir güşəsində əldə olunan razılığa əsasən “Kosuqi” Şirkəti “Yapon bağı” salacaq. Bunun üçün ölkələr arasında təkliflər paketi hazırlanıb.