Bu gün, yanvarın 29-u 44 günlük Vətən müharibəsində müqəddəs amal uğrunda – xalqın azadlığı, Vətənin bütövlüyü naminə son nəfəsinədək vuruşaraq şəhadətə qovuşan Əsgərov Rüfət Qabil oğlunun doğum günüdür.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şəhid ailələri və qazilər Şəhidimiz Əsgərov Rüfət Qabil oğlunun əziz xatirəsini doğum günündə yad edib, məzarını ziyarət etmişlər.
Ölümü ilə ölümsüzlük qazanan Şəhidimizə Allahdan rəhmət diləyən RİH başçısı Əziz Əzizov onun ailə üzvlərinin qayğıları ilə maraqlanmış, doğmalarına səbr və dözüm arzu etmişdi. Adını xalqın tarixi yaddaşına həkk edən, Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyərək qəhrəmanlıq nümunəsi yaradan Şəhidlərimizin heç zaman unudulmayacağını bildirən RİH başçısı Şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunduğunu, həmçinin dövlətimiz tərəfindən onların problemlərinin həlli ilə bağlı bütün zəruri tədbirlərin həyata keçirildiyini vurğulamışdır.
Həmçinin, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov vətən mövzusunda şeirlərlə çıxış edərək bir daha torpaqlarımızın azad olunması yolunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləmiş, ruhları qarşısında baş əydiyini bildirmişdir.
II Qarabağ müharibəsinin iştirakçısı olan Rüfət döyüşdə öz göstərdiyi qəhrəmanlığı və şücaəti ilə adını qızıl hərflərlə tarixə yazaraq digər döyüş yoldaşları kimi torpaqlarımızın alınmasında fəal iştirak etmiş və düşmənə sarsıdıcı zərbələr endirərək xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Rüfət oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olmuşdur.
Qeyd edək ki, Şəhidimiz Rüfət Əsgərov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalı ilə, “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir.