Suraxanıda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anıldı
10 dekabr 2014-ci il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Azərbaycanın müasir inkişafı Heydər Əliyevin əbədiyaşar ideyalarına söykənir” mövzusunda konfrans keçirilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Orxan Ələkbərov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndələri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, rayondan Milli Məclisə seçilmiş deputatlar Ağacan Abıyev, Sevinc Fətəliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, 3 mindən yuxarı rayon ziyalısı və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Lider Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər və abidənin önünə tər güllər qoydular.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra konfrans öz işinə başladı.
Konfrans iştirakçıları bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad etdilər və Ulu Öndərin zəngin irsini öyrənmək məqsədi ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin sifarişi ilə hazırlanmım filmə baxdılar.
Konfransı giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından artıq 11 il keçir. Azərbaycan dövlətçiliyinin xilaskarı, görkəmli siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyev şəxsiyyəti barədə söz demək nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyətli və çətindir. Heydər Əliyevin mənalı həyatı və yorulmaz fəaliyyəti Azərbaycanın yarım əsrlik tarixini özündə əks etdirən böyük bir külliyyatdır, daim öyrənilməli və öyrədilməlidir.
Parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlayan, onu yaşadan və bu dövlətin bütün atributlarını qurub-yaradan Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir.
Böyük şəxsiyyət Heydər Əliyev ilk növbədə dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoymuşdur. Azərbaycan gerçəkliyini, onun ictimai-siyasi, mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən mükəmməl bir elmi-nəzəri sistem – milli dövlət quruculuğu fəlsəfəsini, dövlətçilik ideologiyasını yaratmışdır.
İlqar Abbasov çıxışında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik, cənab Ramiz Mehdiyevin Ulu Öndər haqqında dediyi fikri konfrans iştirakçılarının diqqətinə çatdırmışdır: “Heydər Əliyev iki əsrin ayrıcında öz ölkəsinin dövlət adlı gəmisini qlobal sarsıntılar dövrünün fırtınalarından sağ-salamat və uğurla keçirərək, ölkənin milli dəyərlərinin, insanların mənəvi sağlamlığının, özlərinə inamının qorunub saxlanmasına müvəffəq olmuşdur. Siyasətin ön səhnəsində olduğu otuz dörd il ərzində o, XX və XXI əsrlərin görkəmli siyasətçilərindən biri kimi, müasir dövrün böyük siyasi lideri kimi bütün dünyada tanınmışdır”.
Rayon rəhbəri xüsusi vurğulamışdır ki, Ümummilli Lider Heydər Əliyev məhz güclü iradəsi və əzmi ilə bütün çətinliklərə sinə gərərək, xalqımızı səfərbər etməyə, öz arxasınca aparmağa və müstəqil dövlətçiliyimizi ardıcıl inkişaf yoluna çıxarmağa qadir olduğunu sübut etmişdir. Ulu Öndər Heydər Əliyev qeyri-adi uzaqgörənliyə malik böyük siyasətçi, zəmanəsinin və millətinin dahi lideri olaraq xalqının gələcəyini və vətəninin taleyini düşünərək özündən sonra siyasi kursu davam etdirəcək müdrik siyasi liderin yetişdirilməsinin qayğısına qalmışdır.
Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Dövlətimizin başçısı cənab İlham Əliyev əsası Ulu Öndər tərəfindən qoyulan siyasi xəttin dönməzliyini özünün konkret addımları ilə daha da inkişaf etdirərək təmin etmişdir.
Heydər Əliyev siyasəti əbədidir, daimidir. Azərbaycanın müasir inkişafı Heydər Əliyevin əbədiyaşar ideyalarına söykənir. Bu günkü konfransımızın da mövzusu məhz belə adlanır.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Orxan Ələkbərov çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müstəqillik yolunda ilk qədəmlərini atan Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini öz üzərinə götürərək xilaskarlıq və quruculuq missiyasını böyük şərəflə yerinə yetirməklə xalqımızın ən görkəmli şəxsiyyəti olaraq tarixdə silinməz iz qoymuşdur.
Ümummilli Liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək keyfiyyətləri ilə unudulmaz izlər buraxmışdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur.
Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru Əlikram Abdullayev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov, Milli Məclisin deputatları Ağacan Abıyev, Sevinc Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış etdilər.
Çıxış edənlər xüsusi vurğuladılar ki, taleyin hökmü ilə 2 dəfə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xalqı xilas etmişdir.
Konfransı yekunlaşdıran Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və qüdrətlənməsi naminə həyata keçirdiyi möhtəşəm xidmətləri və fəaliyyəti ilə canlı əfsanəyə çevrilmiş Ümummilli Liderimiz Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması xüsusi aktuallıq kəsb edir.
Yarandığı gündən bu ali məqsədi qarşıya qoyan, Ulu Öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondu Fondun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında ötən 10 illik fəaliyyəti dövründə bir sıra irimiqyaslı, möhtəşəm layihələrə imza atmışdır. Artıq bu işlər Azərbaycanın ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib.
Azərbaycan Respublikası özünün şərəfli dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyev cismən aramızda olmasa da, təsəllimiz odur ki, onun ölməz ideyaları, xalqımıza ərməğan etdiyi müstəqil Azərbaycan Respublikası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır.
Azərbaycan bu gün dünyada özünəməxsus milli inkişaf modeli ilə, tolerantlığın və dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınır, eləcə də beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edən, regionda sərmayədar ölkə və qlobal böhran şəraitində belə davamlı inkişaf edən dövlət olaraq dünyanı heyrətləndirir.
Azərbaycan heç kimdən asılı olmayan, milli maraqlara uyğun, tam müstəqil daxili və xarici siyasət yürüdən dövlətdir. Respublikamız regionun nəqliyyat-logistika mərkəzinə çevrilmiş, bölgənin və Avropanin enerji təhlükəsizliyinin təmin edilməsində ciddi rol oynamağa başlamış, öz peykini orbitə çıxararaq kosmik klubun üzvü olmuşdur. Respublikamız həm özünün tərəqqi və yüksəliş dinamikası, həm də brendləri ilə dünyada tanınır.Müasir Azərbaycan hər gün yeni bir uğura imza atır.
Konfrans Ulu Öndərin Azərbaycan xalqına ünvanladığı bu sözlərlə yekunlaşdı: "Azərbaycanı qoruyun, Azərbaycanın müstəqilliyini möhkəmləndirin, Azərbaycanın daxili imkanlarından və potensialından səmərəli istifadə edin. Azərbaycan bundan sonra heç vaxt öz müstəqilliyini itirməyəcək. Yalnız və yalnız öz imkanlarını ortaya qoyaraq daha da möhkəm dövlətə çevriləcək, dünyaya günəş kimi doğacaqdır".