İtkin düşmüş əsgər Feyzullayev Aydın Zakir oğlunun anım günündə adının əbədiləşdirilməsi məqsədilə onun xatirəsinə Bülbülə qəsəbəsində ucaldılmış bulaq-abidə kompleksinin açılış mərasimi keçirilmişdir.
Yanvarın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş əsgər Feyzullayev Aydın Zakir oğlunun anım günündə adının əbədiləşdirilməsi məqsədilə onun xatirəsinə Bülbülə qəsəbəsində ucaldılmış bulaq-abidə kompleksinin açılış mərasimi keçirilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən anım tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Etibar Əliyev, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları, Suraxanı Gənclər evinin direktoru, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.
Bulaq-abidə kompleksinin açılış mərasimində RİH başçısı Əziz Əzizov çıxış edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirərək, zəfər çaldı və qələbə sevincini Azərbaycan xalqına yaşatdı. Böyük Qələbənin qazanılmasında, torpaqlarımızın azadlığı, ölkəmizin müstəqilliyi uğrunda canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazan şəhidlərimizi boya başa çatdıran valideynlərin dərdi dərin olsa da, qürur hissləri də böyükdür. Bu hissləri onlara bəxş edən vətən sevgisi, torpaq təəssübkeşliyi, dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısıdır.
Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov çıxış edərək dövlət başçımızın rəhbərliyi ilə şanlı tarix yazan rəşadətli ordumuz qüdrətindən danışmış və qeyd etmişdir ki, vətənpərvər oğullarımız gözlərini qırpmadan düşmənlə ölüm-dirim savaşına atılaraq canlarını sipər etmişlər. O, bildirmişdir ki, belə igidlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Tədbirində 208 saylı tam orta məktəbin şagirdlərinin ifasında şeirlər səsləndirilmişdir.