A.Səfərov adına 114 №-li tam orta məktəbdə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilin gəlişi qeyd olundu
Dekabrın 30-da Suraxanı rayonu, A.Səfərov adına 114 №-li tam orta məktəbdə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilin gəlişi münasibətilə tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri iştirak etmişlər.
Dövlət Himninin səsləndirilməsi, eləcə də Vətən Müharibəsi Şəhidlərinin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ceyran Novruzova qonaqları salamlamış və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb etməsindən danışmışdır.
Şagirdlərin ifasında bədii hissə qonaqlara təqdim olunduqdan sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək Dünya Azərbaycanlılarının birləşməsində, vahid diaspora şəklində fəaliyyyətində Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin müstəsna xidmətlərindən bəhs etmişdir.
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva çıxış edərək qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik gününün hər bir azərbaycanlı üçün qürurverici olduğunu vurğulamışdır.