Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin Şəhidi əsgər Məmmədov İsa Nazim oğlunun anım günü qeyd olunub.

27 dekabr 2021 | 16:00

27 dekabr 2021-ci il tarixdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində Şəhid olan qəhrəman oğullarımızdan biri, əsgər Məmmədov İsa Nazim oğlunun anım günü qeyd olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qeyd olunan anım günündə Şəhidin məzarı ziyarət edilmiş, önünə gül dəstələri düzülərək ruhu böyük ehtiramla yad olunmuşdur. Həmçinin ehsan süfrəsi açılaraq Şəhidin ruhuna dualar oxunmuş, torpaqlarımız uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları, Suraxanı Gənclər evinin direktoru, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.
Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağı ən böyük şərəf və qürur hissi olduğunu, eləcə də Vətən müharibəsində qazanılan zəfərimizdə, alınan torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanının, hər birinin fərqli qəhrəmanlıq səlnaməsinin olduğunu qeyd etdi. RİH başçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətlərinin yüksək qiymətləndirildiyini, xatirələrinin əbədiləşdirildiyini də vurğulamışdır.
Tədbirdə çıxış edən jurnalist Nailə Babayeva haqq dünyasına qovuşmuş Şəhidimizə allahdan rəhmət diləmiş, onun doğmalarına təskinlik verərək belə vətənpərvər oğullarımızla bütün Azərbaycan xalqının fəxr etdiyini söyləmişdir.
Həmçinin, anım mərasimində 114 №li tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmişdir.
Qeyd edək ki, İsa Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

 

Keçidlər