Şriftin ölçüsü :

Saytın rəngi :

"Müasir Azərbaycan: həmrəyliyə əsaslanan inkişaf modeli" adlı tədbir keçirilib.

23 dekabr 2021 | 16:00

23 dekabr 2021-ci il tarixində Suraxanı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təşkiltçılığı ilə "Müasir Azərbaycan: həmrəyliyə əsaslanan inkişaf modeli" adlı tədbir keçirilmişdir.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova, Suraxanı rayon Ağsaqqallar şurasının sədri Arif Babayev və digər rəsmi şəxslər iştirak etmişlər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmış və “Müasir Azərbaycan: həmrəyliyə əsaslanan inkişaf modeli" adlı video-çarx nümayiş olunmuşdur.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov görüş iştirakçılarını salamlayaraq bildirdi ki, müasir inkişafımızın əsasında İlham Əliyev fenomeni dayanır. Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan peşəkar diplomat, uğurlu və nüfuzlu dövlət xadimi, xalqın etimadını və rəğbətini qazanmış şəxsiyyət, elm, siyasət, dövlət quruculuğu və beynəlxalq münasibətlər sahəsində mahir mütəxəssis, Ulu Öndər Heydər Əliyev məktəbinin və siyasi kursunun varisi, milli həmrəyliyi, sağlam əməkdaşlıq mühitini və siyasi dialoqu təşviq edən demokratik lider kimi özünü dəfələrlə təsdiq etmişdir.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirdi ki, bölgələrin inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarımızda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar yaratmışdır. Prezidentin öz xalqını müasir dünya xalqları sırasında görmək arzusu həyata keçirilən bütün Dövlət Proqramlarında öz əksini tapmaqdadır.

Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva 09 fevral 2020-ci il tarixində keçirilmiş parlament seçkilərinə toxunaraq bildirdi ki, ölkədə həyata keçirilmiş siyasi islahatlar Prezident İlham Əliyevin demokratik ənənələrə sadiqliyinin real ifadəsidir. Cəmiyyətin sistemli tərəqqisini hədəfləyən islahatlar paketində çoxpartiyalı və demokratik yanaşmanın formalaşdırılmasını, parlamentdə müzakirə mühitinin yaradılmasını əhatə etməsi həyata keçirilmiş siyasi reformaların təzahürüdür. Siyasi partiyaların cəmiyyətdə əhəmiyyətinin artırılması, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması və ölkəmizin güclənməsi islahatların strateji hədəfləridir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir.

YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova öz çıxışında 90-cı illərin əvvələrində Heydər Əliyevin xilaskar missiyasına toxunaraq qeyd etmişdir ki, 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət o zamanlar ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırmış, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açmışdır. Ulu Öndər Heydər Əliyev ölkədə siyasi mühitin, hərbi toqquşmaların və hakimiyyət uğrunda illeqal mübarizələrin aradan qaldırılması istiqamətində tarixi addımlar atmışdır. Bu vacib təxirəsalınmaz, strateji addımların nəticəsində Azərbaycan inkişafın sonrakı mərhələsinə uğurlu keçid edə bilmişdir.

Rayon Ağsaqqallar şurasının sədri Arif Babayev əldə olunan iqtisadi göstəricilərə toxunaraq bildirdi ki, ölkənin sosial-iqtisadi inkişafı daha intensiv, dərin və möhkəm özüllər üzərində davam etməkdədir. 2019-cu ildən regionların sosial-iqtisadi inkişafına dördüncü Dövlət Proqramı çərçivəsində 7,2 milyard manat vəsait yönəldilib.

YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri Səfura Rəhimova çıxış edərək bildirdi ki, həyata keçirilən islahatlar nəticəsində son 18 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Təhsil sahəsinə dövlətin diqqəti və qayğısı gələcək nəsillərin inkişafına xidmət edir.

YAP Suraxanı rayon təşkilatının fəal gənci Kənan Əliyev bildirdi ki, cənab Prezidentimizin Soçidə, Moskvada, Brüsseldə Paşinyanla görüşü əsnasında məğrur duruşu hər bir Azərbaycan gəncinin qürur mənbəyidir. 44 gün ərzində Ali Baş Komandanın uğurlu "Dəmir Yumruq" əməliyyatı sayəsində Qarabağın hər şəhərində, hər kəndində Müzəffər Ali Baş Komandanın göylərə qaldırdığı və heç zaman enməyəcək Azərbaycan bayrağı Azərbaycan gənci üçün böyük fəxarətdir.

Keçidlər