Dekabrın 22-də Vətən müharibəsinin şəhidi, kapitan İsmayılov Elçin Mübariz oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilmiş abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib.
Dekabrın 22-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V" yaşayış sahəsində xalqımızın qəhrəmanına çevrilən Qarabağ fədaisi, Vətən müharibəsinin şəhidi, kapitan İsmayılov Elçin Mübariz oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilmiş abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib.
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Şanlı qələbənin tarixi əhəmiyyətindən danışmış, şərəfli döyüş yolu keçmiş Elçin İsmayılovun və bütün Şəhidlərimizin xatirəsinin heç zaman unudulmayacağını vurğulamışdır.
Həmçinin, Milli Məclisin deputatı Etibar Əliyev və YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək Şəhidimizin ailəsinə bir daha dərin hüznlə başsağlığı verərək, səbr diləmiş, eləcə də Azərbaycan Ordusunun qüdrətindən, Şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açmışlar.
Anım tədbirində 278 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etmiş, həmçinin şagirdlərin ifasında şeirlər səsləndirilmişdir.
Şəhidimiz Elçin İsmayılov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə 3-cü dərəcəli “Rəşadət” ordeni, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Füzuli, Cəbrayıl və Kəlbəcər rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.