Bu gün, dekabrın 19-da, 44 günlük Vətən müharibəsində xalqımızın azadlığı uğrunda vuruşaraq şəhadətə qovuşan Şəhidimiz Səfərov Cəsarət Xaliq oğlunun anım günüdür.
Bu gün, dekabrın 19-da, 44 günlük Vətən müharibəsində xalqımızın azadlığı uğrunda vuruşaraq şəhadətə qovuşan Şəhidimiz Səfərov Cəsarət Xaliq oğlunun anım günüdür.
Şəhidimizin anım günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət xanım Həsənova, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları, Suraxanı Gənclər evinin direktoru, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, Şəhidin doğmaları Səfərov Cəsarət Xaliq oğlunun II Fəxri Xiyabanda məzarını ziyarət edərək dualar oxumuş və məzarı önünə gül dəstələri düzmüşlər. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Şəhidimizin Vətən müharibəsində göstərdiyi igidliyə görə təltif olunduğu medallar onun valideynlərinə təqdim olunmuşdur.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qeyd olunan anım günündə ehsan süfrəsi açılmış, Cəsarət Səfərovun timsalında bütün Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmişdir.
Anım tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən nur üzlü şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyərək dərin hüznlə başsağlığı vermiş və bildirmişdir ki, Vətən, millət yolunda canından keçməyə hazır olanların fəth etdiyi ən yüksək, ən şərəfli zirvədir Şəhid olmaq. Və hər bir Şəhid ailəsi bu məqama ucalan mərd oğullarımızın bizlərə əmanətidir. Onlara dəstək olmaq hər birimizin borcudur. Eyni zamanda Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədə payı olan Cəsarət kimi oğullarımızın qanının yerdə qalmadığını vurğulayan RİH başçısı bildirdi ki, məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına bu gün Qarabağımız azaddır.
Anım tədbirində çıxış edən Milli Məclisin deputatı Afət xanım Həsənova, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov və digər qonaqlar Şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacaqlarını, onların xatirəsinin daim əziz tutulacağını bildirmişlər.
Həmçinin, tədbirdə Cəsarət Səfərovun məzun olduğu 89 №li tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmişdir.
Qeyd edək ki, Səfərovlar ailəsinin digər üzvü, Cəsarətin əmisi oğlu Səfərov Şahmar Nazim oğlu da şanlı tarix yazan qəhrəmanlarımızın sırasındadır. Uşaqlıqdan Cəsarətlə birlikdə böyüyən Şahmar elə onunla birlikdə vətənə layiqincə xidmət etdi və Murov dağı ətrafında gedən döyüşlərdə qəhrəmancasına Şəhid oldu.
Cəsarət Səfərov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.