Vətən savaşında qəhrəmanlıqla vuruşaraq Şəhid olmuş Kirxlarov Nazim Nadir oğlunun doğum günü ərəfəsində, dekabrın 17-də onun məzun olduğu 226 saylı tam orta məktəbdə anım tədbiri keçirilmişdir.
Silaha sarılaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında qəhrəmanlıqla vuruşaraq Şəhid olmuş Kirxlarov Nazim Nadir oğlunun doğum günü ərəfəsində, dekabrın 17-də onun məzun olduğu 226 saylı tam orta məktəbdə anım tədbiri keçirilmişdir.
Anım tədbirində Şəhid Nazim Kirxlarovun valideynləri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavinləri, şöbə müdirləri, 226 saylı tam orta məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Şəhidlik zirvəsinə ucalaraq əbədi ölməzliyə qovuşmuş Nazim Kirxlarovun əziz xatirəsi ehtiramla yad olunmuşdur.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Nazim Kirxlarov kimi Azərbaycan gənclərinin millətinə, dövlətinə və torpağına bağlılığından, xalqımızın onun kimi igidlərlə qürur duyduğundan bəhs etmiş, Nazimin timsalında ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan, adını müqəddəslərin siyahısına yazan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir. O, bildirmişdir ki, dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
226 saylı tam orta məktəbin direktor əvəzi Rəhilə Ağcayeva və müəllimlər çıxışlarında Şəhid Nazim Kirxlarovun həyat yolundan danışmış, eləcə də şagirdlərin ifasında Şəhidin əziz xatirəsinə həsr olunmuş bədii kompazisiya nümayiş olunmuşdur.
Qeyd edək ki, Nazim Kirxlarov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.