Noyabrın 30-da "3 dekabr - Beynəlxalq əlillər günü" münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Elçin” şadlıq evində tədbir keçirilmişdir.
Noyabrın 30-da "3 dekabr - Beynəlxalq əlillər günü" münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əmək, müharibə əlillərinin, Çernobıl qəzasının iştirakçılarının və müxtəlif səbəblərdən əlil olmuş rayon sakinlərinin, Şəhid ailələrinin iştirakı ilə “Elçin” şadlıq evində tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatlar Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, RİHB yanında Şuranın üzvləri, RİHBA-nın məsul işçiləri, rayonun idarə, müəssisə və ictimai təşkilat rəhbərləri iştirak etmişdir.
Tədbirin əvvəlində xüsusi istedadı və qabiliyyəti ilə seçilən fiziki məhdudiyyətli əlillərin əl işlərindən təşkil olunmuş sərgiyə baxış keçirilmişdir.
Dövlət himninin səsləndirilməsindən sonra, Azərbaycan Respublikasının Umumilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə keçirilən 3 dekabr - Beynəlxalq Əlillər Günü Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da geniş şəkildə qeyd olunur. Xüsusi ilə qeyd olunmuşdur ki, Azərbaycanda müharibə əlillərinə, şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi zamanı imzalanan ilk fərmanlarından biri məhz “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman olmuşdur. Bu Fərmanla müharibə iştirakçılarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsinə start verilmişdir.
Əziz Əzizov vurğulamışdır ki, sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiə sisteminin daha da gücləndirilməsində respublika rəhbərinin layihə və təşəbbüsləri mühüm rola malikdir. Məhz cənab Prezident İlham Əliyevin müxtəlif illərdə təsdiq edilmiş Sərəncamları ilə ölkədə sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramlarında bu məsələlər özünü qabarıq şəkildə büruzə verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond tərəfindən həyata keçirilən sosial layihələr sayəsində həssas qruplara, xüsusi qayğıya ehtiyac duyan şəxslərə, neçə-neçə aztəminatlı ailəyə sevinc, gələcəyə böyük inam, ümid hissi bəxş edilmişdir. Suraxanı rayonu da bu qayğıdan kənarda qalmayıb. Heydər Əliyev Fondu tərəfindən Suraxanı rayonunda Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi inşa edilərək ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Bu gün Reabilitasiya Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar uğurla reabilitasiya kursu keçir.
Tədbirdə çıxış edən, Suraxanı rayonundan Milli Məclisin deputatları Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, 2016-cı il aprel döyüşlərinin iştirakçısı Elşən Qarayev, “Müharibə veteranları Təşkilatının” sədri Eldar Rüstəmov, Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl medal qalibi, Şöhrət ordenli Para-atlet Elvin Astanov, Paralimpiyaçı Taekvando üzrə 3 qat dünya və 4 qat Avropa çempionu, Azərbaycan Respublikasının əməkdar idman ustası, Əlilliyi olan Uşaq və Gənclərin İdmana İnteqrasiya İctimai Birliyinin sədri, Parataekvando üzrə Azərbaycan Milli Yığmasının üzvü, Prezident Mükafatçısı Aynur Məmmədova əlillərə göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Daha sonra tədbir 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin şagirdlərinin, Milli Paralimpiya Komitəsinin Əlil arabasında rəqs idman növü üzrə təmsilçisinin, Suraxanı Rayon Gənclər Evinin fəal gənclərinin, Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin və 37 nömrəli Musiqi məktəbinin şagirdlərinin və sevilən müğənnilərin təqdimatları, ifaları ilə davam etmişdir.
Sonda RİH başçısının Fəxri Fərmanı ilə təltifetmə mərasimi keçirilmiş və tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilmişdir.