Noyabrın 26-sı 44 günlük Vətən Müharibəsinin şəhidi Əsgərov Rüfət Qabil oğlunun anım günü qeyd olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 26-sı anım günü qeyd olunan, haqq dünyasına qovuşmuş şəhidimiz Əsgərov Rüfət Qabil oğlunun məzarı ziyarət edilmiş, önünə gül dəstələri düzülərək ruhu böyük ehtiramla yad olunmuşdur. Həmçinin, ehsan süfrəsi açılaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi anılmışdır.
Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, RİHB yanında Şuranın üzvləri, Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə sədri, Suraxanı Gənclər evinin direktoru, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.
Suraxanı RİH başçısı Əziz Əzizov şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verərək, səbr diləmiş və Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi qətiyyətli mövqenin otuz illik münaqişənin həllində, o cümlədən ərazi bütövlüyümüzün bərpa olunmasında həlledici rol oynadığını bildirmişdir. Hərbi əməliyyatların bitməsindən sonra Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etmələrinin mühüm əhəmiyyət kəsb etməsindən bəhs edən Əziz Əzizov 30 il ərzində ermənilər tərəfindən darmadağın və viran edilən doğma torpaqlarımızda aparılan abadlıq və quruculuq işlərindən, yeni infrastruktur layihələrin həyata keçirilməsindən və bu ərazilərin yenidən çiçəklənərək təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcəyindən danışmışdır.
Anım mərasimində Şəhidimizin məzun olduğu S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllim və şagird kollektivi də iştirak etmişdir. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlərlə çıxış etmişlər.
Qeyd edək ki, Şəhidimiz Rüfət Əsgərov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Azərbaycan Respublikasının Füzuli, Xocavənd və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.