Bu gün, noyabrın 18-i torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən leytenant Səfərov Şahmar Nazim oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 1 il ötür.
Bu gün, noyabrın 18-i torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən leytenant Səfərov Şahmar Nazim oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 1 il ötür.
Anım günü münasibətilə Şəhidin II Fəxri Xiyabanda məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülərək dualar oxunmuşdur. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, RİHB yanında Şuranın üzvləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları, Suraxanı Gənclər evinin direktoru, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirmişdir ki, ölkə başçımız Ali Baş Komandan Cənab İlham Əliyev bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı qəhrəman, məğrur xalqdır. Şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayan RİH başçısı həmçinin qeyd etdi ki, 30 ilə yaxın həsrətini çəkdiyimiz Vətən torpaqlarının geri qaytarılması sevincini bəxş edən Şahmar kimi Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirik. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onlar əsrlər keçsə də unudulmayacaqlar.
Anım mərasimində Milli Məclisin deputatı Etibar Əliyev, Müdafiə Nazirliyi Şəxsi heyətlə iş üzrə şöbənin zabiti, polkovnik Həbib Məmmədov, Şəhidin əmisi polkovnik Adil Səfərov çıxış edərək Şəhidimizə Allahdan rəhmət diləmişlər.
Həmçinin, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov çıxış edərək Vətən uğrunda son damla qanınadək vuruşaraq Şəhadətə ucalan bütün Şəhidlərimizə Allahdan rəhmət diləmiş və onlara həsr olunan şeirlər səsləndirmişdir. 278 və 226 saylı tam orta məktəbin şagird kollektivi də vətənpərvərlik mövzusunda şeirlərlə çıxış etmişlər.
Şəhid Şahmar Səfərovun anası Pakizə xanım Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirmişdir.
Qeyd edək ki, Şahmar Səfərov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Kəlbəcərin azad olunmasına görə”, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.