Şəhid Yusubov Elzar Süleyman oğlunun xatirəsinə skver və inşa edilmiş bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib.
Noyabrın 15-i torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda Vətən müharibəsində gedən döyüşlərdə canından keçərək şəhadətə yüksələn qəhrəman oğullarımızdan biri leytenant Yusubov Elzar Süleyman oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə ailə üzvlərinin yaşadığı Hövsan qəsəbəsində skver və inşa edilmiş bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib.
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, RİHB yanında Şuranın üzvləri, Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə sədri, Suraxanı Gənclər evinin direktoru, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları, rayon ictimaiyyəti iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 30 illik işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən, igid vətən oğullarımızın qəhrəmanlıqlarından danışaraq bildirmişdir ki, dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
Həmçinin, bulaq-abidə kompleksinin açılış mərasimində Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov çıxış edərək Vətən uğrunda son damla qanınadək vuruşaraq Şəhadətə ucalan bütün Şəhidlərimizə Allahdan rəhmət diləmiş və onlara həsr olunan şeirlər səsləndirmişdir. 76 saylı tam orta məktəbin şagird kollektivi də vətənpərvərlik mövzusunda şeirlərlə çıxış etmişlər.
Qeyd edək ki, Yusubov Elzar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə”, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.