Bu gün noyabrın 9-u Vətən uğrunda haqq savaşının qəhrəmanı, ömrünü Vətənə fəda edən Şəhidimiz kapitan Noçuyev Surxay Əbdül oğlunun anım günü qeyd olunub.
Bu gün noyabrın 9-u Vətən uğrunda haqq savaşının qəhrəmanı, ömrünü Vətənə fəda edən Şəhidimiz kapitan Noçuyev Surxay Əbdül oğlunun anım günü qeyd olunub.
Anım günü münasibətilə Şəhidin II Fəxri Xiyabanda məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülərək dualar oxunmuşdur. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, İmamverdi İsmayılov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB yanında Şuranın üzvləri, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə sədri, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları, Suraxanı Gənclər evinin direktoru, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Rayon Ağsaqqallar Şurasının sədr müavini, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.
RİH başçısı Əziz Əzizov Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində düşmən tapdağındakı torpaqlarımızın azad olunmasında şücaət göstərərək Şəhidlik zirvəsinə ucalan Surxay Noçuyevin timsalında bütün Şəhidlərimizin ruhunu ehtiramla yad edərək onlara Allahdan rəhmət diləyib.
Aprel döyüşlərində iştirak edən Surxay Noçuyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə tabor komandiri kimi ön xətdə döyüşüb, düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edərək böyük qəhrəmanlıq göstərib. Sonuncu döyüşü də Qarabağın incisi sayılan Şuşada olub.
Qeyd edək ki, anım günündə Şəhidin xidmət etdiyi, uzun illərdir havasına, dağına-daşına həsrət qaldığımız doğma torpaqlarımızın işğaldan azad edilməsində Füzulidən Şuşayadək döyüş yolu keçmiş Beyləqan rayonunda yerləşən N saylı hərbi hissənin komandiri polkovnik Vilayət Quliyev və şəxsi heyəti də iştirak etmiş, Şəhidin doğmalarına başsağlığı vermişlər.
Həmçinin, Şəhidimiz Surxay Noçuyevin təhsil aldığı S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın şagird kollektivi vətənpərvərlik mövzusunda şeirlər səsləndirmişlər.
Surxay Noçuyevə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, eləcə də o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Qubadlı, Füzuli rayonlarının və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.