Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda dini icmaların nümayəndələri ilə görüş keçirilib

20 noyabr 2014 | 16:00

Noyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Suraxanı rayonunda dini icmaların nümayəndələri ilə görüşüb.
Komitənin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasov görüşün dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb etdiyini söyləyib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov rayondakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı məlumat verib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Sədr bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı  istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.
Son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran M.Qurbanlı Prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və bərpa olunan ibadət ocaqlarının, ziyarətgahların sayının gündən-günə artdığını bildirib.
Komitə sədri qeyd edib ki, Azərbaycanda dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və ölkəmizin tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumları bu gün dini icmalarımızın fəaliyyətində əsas xətt olmalıdır.
Çıxış edən din xadimləri son vaxtlar Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiklərini söyləyiblər. Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər