Bu gün, noyabrın 7-də 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri, Səlimov Şiralı Vüqar oğlunun anım günü qeyd olunub.
Bu gün, noyabrın 7-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri, Səlimov Şiralı Vüqar oğlunun anım günü qeyd olunub.
Anım günündə Şəhidin adının əbədiləşdirilməsi məqsədilə inşa edilmiş bulaq-abidə komleksinin açılış mərasimi keçirilərək önünə gül dəstələri düzülmüş və ruhu böyük ehtiramla yad olunmuşdur. Həmçinin ehsan süfrəsi açılaraq Şəhidin ruhuna dualar oxunmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, RİHB yanında Şuranın üzvləri, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə sədri, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.
RİH başçısı Əziz Əzizov bildirmişdir ki, şəhidlərimiz Azərbaycan tarixinin ən şanlı səhifəsini yazmış igidlərimizdir. Bu qəhrəmanların timsalında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətinin, gücünün bir nümunəsini gördük. Onlar bizim qəlbimizdəki 30 illik Qarabağ nisgilinə son qoydular. Şəhidlərimiz Azərbaycan oğullarının qəhrəman, igid, yenilməz olduqlarını sübut etdilər. Onlar Azərbaycanın hər bir vətəndaşına örnək olan bir həyat yolu keçdilər.
Qeyd edək ki, Şəhidimiz Şiralı Səlimov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Şuşa şəhərinin, Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.