Bu gün oktyabrın 31-i Vətən Müharibəsi şəhidi, Rəcəbov Ruslan Rəcəb oğlunun anım günü qeyd olunub.
Anım günü münasibətilə Şəhidin II Fəxri Xiyabanda məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülərək dualar oxunmuş, ruhu böyük ehtiramla yad edilmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə sədri, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları, Suraxanı Gənclər evinin direktoru, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Rayon Ağsaqqallar Şurasının sədr müavini, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.
Suraxanı RİH başçısı Əziz Əzizov şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verərək, səbr diləmiş və Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirmişdi. RİH başçısı həmçinin dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə qayğısından bəhs edərək Vətən üçün belə gərəkli övlad böyütdüklərinə görə bir daha şəhidin valideynlərinə təşəkkür etmiş və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin də hər zaman dövlət qayğısı ilə əhatə olunacağını diqqətə çatdırmışdır.
Qeyd edək ki, Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Ruslan Rəcəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq Xocavənd döyüşləri zamanı şəhid olub.
O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə "Qarabağ" ordeni, həmçinin, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.