Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri, Manafov Osman Natiq oğlunun anım günü qeyd olunub.

27 oktyabr 2021 | 16:00

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri, Manafov Osman Natiq oğlunun anım günü qeyd olunub.

Anım günü münasibətilə Şəhidin Bülbülə qəsəbəsində Şəhidlər Xiyabanında məzarı ziyarət edilmiş, önünə gül dəstələri düzülərək ruhu böyük ehtiramla yad olunmuşdur. Həmçinin ehsan süfrəsi açılaraq Şəhidin ruhuna dualar oxunmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Etibar Əliyev, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.

Suraxanı RİH başçısı Əziz Əzizov şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verərək, səbr diləmiş, eləcə də Azərbaycan Ordusunun qüdrətindən, Şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açmış, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirmişdir. RİH başçısı qeyd etdi ki, bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır. Dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.

Mərasim iştirakçıları çıxış edərək tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən Osman Manafovun timsalında bütün Şəhidlərimizə rəhmət diləmişlər.

Həmçinin, tədbirdə Şəhidimiz Osman Manafovun məzun olduğu 90 №li tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Qeyd edək ki, Şəhidimiz Osman Manafov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilmişdir.

Keçidlər