Bu gün, oktyabrın 23-ü torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən Kazımlı Mürsəl Kamil oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 1 il ötür.
Anım günü münasibətilə Şəhidin məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülərək dualar oxunmuş, ruhu böyük ehtiramla yad edilmişdir. Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Etibar Əliyev, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Rayon Ağsaqqallar Şurasının sədr müavini, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.
Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs edərək bildirmişdir ki, həyata keçirilən düşünülmüş siyasətin və vaxtında atılan addımların nəticəsidir ki, biz bu gün qalib ölkəyik. Ölkə başçımız dahi siyasətçi, müdrik dövlət xadimi ulu öndər Heydər Əliyevin layiqli varisi kimi onun vəsiyyətini həyata keçirdi və arzuladığı Qarabağı azad etdi. O, həm də bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı qəhrəman, məğrur xalqdır. Şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayan RİH başçısı həmçinin qeyd etdi ki, ölkəmizin ərazi bütövlüyünü bərpa edən dövlət Rəhbərimiz Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yazdı.
Həmçinin, tədbirdə çıxış edən digər qonaqlar Şəhidimiz Mürsəl Kazımlıya Allahdan rəhmət onun ailə üzvlərinə səbr diləmişlər. Şəhidin məzun olduğu P.İsmayılov adına 278 №li tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Qeyd edək ki, Şəhidimiz Mürsəl Kazımlı ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.