Tarixi Zəfərlə başa çatan Vətən müharibəsinin qəhrəmanı Kirxlarov Nazim Nadir oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 1 il ötür.
Şəhidin anım günündə onun adının əbədiləşdirilməsi üçün ailə üzvlərinin yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsində inşa edilmiş bulaq abidə kompleksinin açılış mərasimi keçirilib. Həmçinin, Şəhidin Əmircan qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarı ziyarət olunaraq dualar edilmiş, onun və Şəhid olmuş igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad olunmuşdur.
Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Etibar Əliyev, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Suraxanı Gənclər Evinin direktoru, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Rayon Ağsaqqallar Şurasının sədr müavini, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov torpaqlarımızın işğaldan azad edilməsində, möhtəşəm qələbənin qazanılmasında misilsiz şücaət göstərən Nazim Kirxlarova və onun timsalında bütün Şəhidlərimizə Allahdan rəhmət diləmiş və bildirmiş ki, Şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyulub, düşmən tapdağında olan torpaqlarımız azad olunub. Bu gün Şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır.
Qeyd edək ki, Nazim Kirxlarov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.