Suraxanı məktəblilərinin ikinci qrupu “Ölkəmizi tanıyaq”a qoşuldu
14 noyabr 2014-cü il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin qarşısında “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən Suraxanı məktəblilərinin ikinci qrupunun ölkəmizin şimal-qərb bölgəsinə yola salınması mərasimi keçirilmişdir.
Tur-aksiya iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkda dahi rəhbərin burada ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzdülər, xatirəsini ehtiramla andılar.
Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, müəllim və valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasim dövlət himninin oxunması ilə başlandı.
Yolasalma mərasimində çıxış edən Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə gerçəkləşən bu tur-aksiyanın ölkəmizdə təhsilin inkişafına, yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə verilən böyük önəmin, göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildirdi. Sevinc Hüseynova xüsusi vurğuladı ki, bu layihə şagirdlərin hərtərəfli inkişafına, dünyagörüşlərinin daha da zənginləşməsinə, ölkə gənclərinin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfə verəcəkdir.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
gələcəyimiz olan yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyəsi, sağlam və savadlı böyüməsi üçün gördüyi işlərdən danışdılar və səyahətə gedənlərə uğurlu yol arzuladılar.
Tur səyahəti öncəsi şagirdlərə səfərdə olacaqları rayonların coğrafi, iqtisadi, mədəni və s. sahələri üzrə qısa məlumat verildi. Qeyd edildi ki, zəngin təbiəti olan Şəki, Qax və Zaqatala rayonları həm də milli adət-ənənələrimizin yaxşı qorunub saxlanıldığı bölgələridir. Bu rayonlarda şagirdlərin yaxından tanış olacaqları gözəl parklar, tarixi abidələr, muzeylər var.
Rəsmi hissədən sonra məktəblilər Heydər Əliyev parkını gəzdilər, Suraxanı rayonu Heydər Əliyev Mərkəzində oldular. Şagirdlər Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətininin müxtəlif dövrlərini özündə yaşadan çoxsaylı ekponatlarla yaxından tanış oldular, “Millət Atası” filminə baxdılar.
Sonra məktəblilər qrup rəhbərləri və müşayiətçilərlə birgə onlar üçün ayrılmış avtobusa əyləşərək respublikamızın şimal-qərb bölgəsinə yola düşdülər.