Şəhid Qəhrəmanov Orxan Sərvər oğlunun anım günü qeyd olunub.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri, Qəhrəmanov Orxan Sərvər oğlunun anım günü qeyd olunub.
Anım günü münasibətilə Şəhidin Zığ qəsəbəsi, Dədə Qorqud məzarlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət edilmiş, önünə gül dəstələri düzülərək ruhu böyük ehtiramla yad olunmuşdur. Həmçinin ehsan süfrəsi açılaraq Şəhidin ruhuna dualar oxunmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Etibar Əliyev, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Suraxanı Gənclər evinin direktoru, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.
RİH başçısı Əziz Əzizov Şəhidin doğmalarına səbr diləyərək bildirmişdir ki, bütün şəhidlərimiz kimi Orxanın da qanı yerdə qalmadı, arzuları həyata keçdi, intiqamı döyüş meydanında alındı. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyümüzü bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. O, bildirdi ki, dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
Mərasim iştirakçıları çıxış edərək tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən Orxan Qəhrəmanovun timsalında bütün Şəhidlərimizə rəhmət diləmişlər.
Həmçinin, tədbirdə Şəhidimiz Orxan Qəhrəmanovun məzun olduğu 104 №li tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Qeyd edək ki, Şəhidimiz Orxan Qəhrəmanov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilmişdir.