Bu gün, oktyabrın 24-ü torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən Orucov Coşqun Oruc oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 1 il ötür.
Anım günü münasibətilə Şəhidin Zığ qəsəbəsi, Dədə Qorqud məzarlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülərək dualar oxunmuş, ruhu böyük ehtiramla yad edilmişdir. Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Etibar Əliyev, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları, Suraxanı Gənclər evinin direktoru, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Rayon Ağsaqqallar Şurasının sədr müavini, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.
Suraxanı RİH başçısı Əziz Əzizov mərasimdə çıxış edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının igidliyini və əyilməz ruhunu nümayiş etdirdi. Düşmənin təxribatı nəticəsində sentyabrın 27-dən etibarən başlayan “Dəmir yumruq” əməliyyatı Azərbaycanın hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirərək Ermənistan silahlı qüvvələrini diz çökdürdü. Müzəffər ordumuzun müharibədə gücünü və peşəkarlığını görmək hamımıza nəsib oldu. Lakin müharibə itkisiz, şəhidsiz olmur və bu müharibə də şəhidlərimizin qanı, qazilərimizin canı bahasına əldə edildi. Allahdan bütün Şəhidimizə rəhmət diləyən RİH başçısı onun ailəsinə səbr arzu edərək təsəlli verib.
Həmçinin, tədbirdə Şəhidimiz Coşqun Orucovun məzun olduğu 315 №li tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Qeyd edək ki, Şəhidimiz Coşqun Orucov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Şuşanın azad olunmasına görə”, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.