Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İsmayılzadə Məhəmməd Fizuli oğlunun anım günü qeyd olunub

26 oktyabr 2021 | 16:00

Bu gün, oktyabrın 26-da 44 günlük Vətən Müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərə atılaraq qəhrəmancasına Şəhid olan İsmayılzadə Məhəmməd Fizuli oğlunun anım günü qeyd olunub.

Anım günü münasibətilə Şəhidin Zığ qəsəbəsi, Dədə Qorqud məzarlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət edilmiş, önünə gül dəstələri düzülərək ruhu böyük ehtiramla yad olunmuşdur. Həmçinin ehsan süfrəsi açılaraq Şəhidin ruhuna dualar oxunmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Etibar Əliyev, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları, Suraxanı Gənclər evinin direktoru, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhid ailələri və qazilər, Şəhidin doğmaları və yaxınları iştirak etmişlər.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki, Vətən müharibəsindəki möhtəşəm qələbə dövlət başçımız cənab İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanın¬da müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mü¬barizlik, müdriklik rəmzinə çevrildi. O, həmçinin dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısından bəhs edərək bildirmişdir ki, gənc nəsil və müasir gənclərimiz şəhidlərimizin qanı, canı bahasına əldə olunmuş qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daima qoruyub saxlamalı və özlərindən sonrakı gələcək nəsillərə ötürməlidirlər.

Həmçinin, tədbirdə Şəhidimiz Məhəmməd İsmayılzadənin məzun olduğu 317 №li tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Qeyd edək ki, 1996-cı ilin bu günündə dünyaya göz açan və vətən sevgisi ilə böyümüş Məhəmməd öz həmyaşıdlarından seçilirdi. Bu sevgi onun atasının 1-ci Qarabağ müharibəsində göstərdiyi şücaətdən irəli gəlirdi. Məhəmməd ali təhsilini yarımçıq qoyaraq Vətən müharibəsinin başladığı ilk gündən hərbi komissarlığa müraciət etmiş və könüllü olaraq müharibəyə yollanmışdır. Hər saniyəsinin təhlükəli olduğunu bilərək ön cəbhədə vuruşmaqdan çəkinməyən Məhəmməd cəsurluğu ilə ölümə meydan oxuyaraq Füzulinin və Hadrutun azad edilməsində böyük qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə ucalmışdır. Məhəmməd və onun kimi igid Azərbaycan övladlarının sayəsində tariximizə Şanlı qələbə yazıldı.

Şəhidimiz İsmayılzadə Məhəmməd ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Keçidlər