Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 10-da Vətən müharibəsinin Şəhidi Mərdanov Vaqif Ədalət oğlunun doğum günündə adının əbədiləşdirilməsi məqsədilə onun xatirəsinə Hövsan qəsəbəsində inşa edilmiş bulaq – abidə kompleksinin açılış mərasimi keçirilmişdir.

10 oktyabr 2021 | 16:00

Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, Suraxanı Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Suraxanı rayon Ağsaqqallar Şurasının sədr müavini, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları, "Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhidin doğmaları, rayon ictimaiyyəti iştirak etmişlər.
Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov Vətən müharibəsində qazanılan zəfərimizdə, alınan torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanının, hər birinin fərqli qəhrəmanlıq səlnaməsinin olduğunu qeyd etdi. O, bildirdi ki, düşmənə qarşı mərdliklə vuruşan oğullarımızın bu gün qürurla danışdığımız, gələcək nəsillər üçün örnək olacaq qəhrəmanlıq hekayələrini dinlədikcə qürurlanmamaq olmur. Şəhidimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən RİH başçısı Vaqif Mərdanovun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləmiş və Prezident  Cənab İlham Əliyev tərəfindən ölümündən sonra təltif olunmuş Şəhidimizin “Qubadlının azad olunmasına görə” medalını onun valideyninə təqdim etmişdir.
Qeyd edək ki, inşa edilmiş bulağın ətrafı, eləcə də Şəhidin ailə üzvlərinin yaşadığı və yaxınlıqdakı küçələrə asfalt örtüyü döşənmişdir.
Vətən Müharibəsində döyüş yolu keçən Vaqif Mərdanov Füzuli, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Hər an ölümün gözünə dik baxaraq, “Vətən sağ olsun” deyərək döyüşlərə qatılıb və ruh yüksəkliyi ilə addım-addım irəliləyib. Noyabr ayının 3-də Qubadlı istiqamətində gedən döyüşlər Vaqif Mərdanovun son döyüşü olur və o, arzusunda olduğu şəhidlik zirvəsinə yüksəlir.
Qeyd edək ki, Vaqif Mərdanov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə”, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

 

 

Keçidlər