Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 2014-2015-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə olunmuşdur

12 noyabr 2014 | 16:00

Rayon İcra Hakimiyyətinin Konfrans zalında payız-qış mövsümünə hazırlıqla bağlı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilmişdir.
Şuranın iclasını açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi yönümlü tədbirlər, ölkə əhalisinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi, qaz, su və digər kommunal xidmətlərə olan tələbatının ödənilməsi Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Əldə edilmiş nailiyyətlər son illər ölkədə aparılan uğurlu iqtisadi siyasətin, həyata keçirilmiş irimiqyaslı infrastruktur layihələrinin məntiqi nəticəsidir. Bütün bunlar Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, həyat səviyyəsinin yüksəlməsinə, eləcə də əhalinin mənzil-kommunal xidmətləri sahəsindəki mövcud problemlərinin də həll olunmasına xidmət edir. 
Şura iclasında çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev qeyd etmişdir ki, rayon təsərrüfatının payız-qış mövsümünə hazırlığını təmin etmək məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının 27.09.2014-cü il tarixli 126 saylı sərəncamı ilə Qərargah yaradılmışdır. Tədbirlər planına müvafiq olaraq istilik qazanxanalarının enerji daşıyıcıları ilə fasiləsiz təmin olunması, mərkəzi istilik sisteminə qoşulmuş yaşayış binalarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin keyfiyyətli istiliklə təchiz edilməsi, mənzil-kommunal təsərrüfatında zəruri təmir işlərinin aparılması, qış mövsümündə nəqliyyatın normal fəaliyyət göstərməsi üçün küçə və yolların işlək vəziyyətdə saxlanılması, yanğın törədə biləcək amillərin qarşısının alınması  istiqamətində nəzərdə tutulmuş işlərin hamısı yerinə yetirilmişdir.
İşin səmərəli təşkili məqsədi ilə idarə və müəssisələrdə də yaradılmış  qərargahlarla birgə tədbirlər həyata keçirilmişdir.
“Azəristiliktəchizat” ASC-nin rayonda fəaliyyət göstərən 9, 12 və 17 saylı İstilik Sistemləri İstismar Sahələri üzrə 9 istilik məntəqəsi, 36 müasir tipli məhəllədaxili qazanxananın hamısında nasos və mühərriklər təmir olunaraq işlək vəziyyətə gətirilmiş, istilik kəmərləri yuyulmuş və hidravliki təzyiqlə yoxlanılmış, yoxlama zamanı ortaya çıxmış qüsurları aradan qaldırmaq üçün təmir işləri aparılmış, bəzi yerlərdə isə işlər davam etdirilir.
«Azəristiliktəchizat» ASC tərəfindən Qaraçuxur qəsəbəsi, Hacınski 100 ünvanda yeni qazanxana tikilmiş, 125 mənzil mərkəzləşdirilmiş istilik sisteminə qoşulmuşdur.
Rayonda  fəaliyyət göstərən 35 məktəb,  35 uşaq bağçası və 13  səhiyyə obyektinin əksəriyyətinin 2014-2015-ci illərin payız-qış mövsümündə istiliklə təmin olunması üçün problemlər həll edilmişdir.
"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”na əsasən əsaslı təmir olunan təhsil və səhiyyə müəssisələrində yeni istilik mənbələri yaradılır, məhəllədaxili və binadaxili istilik sistemləri yenidən qurulur.
Suraxanı rayonu üzrə 37 kooperativ bina, MKTB-nin balansında 349 bina və Xüsusi təyinatlı MKTB-nin balansında 705 bina, ümumilikdə 1091 ədəd yaşayış binası vardır. Onlardan 330-ədədi (30%)  istilik sisteminə qoşulmuşdur. 2013-2014-cü illərin payız-qış mövsümündə 303  bina (91,8%) istilik alırdısa, görülmüş tədbirlər nəticəsində 2014-2015-ci illərin payız-qış mövsümündə artıq 322 yaşayış binası (97,5%) istiliklə təmin olunacaqdır.
Mənzil-kommunal idarələri tərəfindən cari il ərzində xidməti ərazilərdəki yaşayış binalarında 36,0 min kv.m. ölçüdə dam örtüyü, zirzəmilərdə müxtəlif diametrli 190 p.m. su xətti, 212 p.m. kanalizasiya xətti, 174 p.m. istilik xətti, yağış sularının axıdılması üçün 60 p.m. su xətti təmir edilmiş, 450 p.m tüstü bacaları təmizlənmiş, 48 ədəd yeni qapı quraşdırılmış, binaların girişlərində mövcud 63 ədəd qapı təmir edilmişdir.
Rayon Sukanal İdarəsi tərəfindən 71,0 min abonentin 27,0 mini, yəni 38,5 faizi 24 saat fasiləsiz su ilə təmin edilmiş, müxtəlif ünvanlarda 2448 p.m. su və 1100 p.m. kanalizasiya borusu çəkilmiş və ya təmir edilmiş, 8389 ədəd yeni su sayğacı və 57 ədəd lyuk quraşdırılmışdır.
Rayonun elektrik enerjisi şəbəkəsində 1 Kompleks Transformator Məntəqəsi quraşdırılmış, 4 Transformator Məntəqəsi əsaslı təmir olunmuş, 5 yeni Transformator Məntəqəsinin tikintisi başa çatdırılmış və avadanlıqların quraşdırılmasına başlanılmış, 8 məntəqədə güc transformatorları daha güclü transformatorlarla əvəzlənmiş, 162 ədəd dayaq basdırılmış, 45700 p.m. kabel xətti və 1700 p.m hava elektrik xətti çəkilmiş, 0,4 kilovolt şəbəkənin SİP xətləri ilə qurulması işi davam etdirilmişdir.
Qaz təchizatının yaxşılaşdırılması məqsədilə 1942 p.m. yeni qaz xətti çəkilmiş, 1043 ədəd "Smart-kart" tipli elektron qaz sayğacı quraşdırılmış, 1387 ədəd mexaniki qaz sayğacı yeni "Smart-kart" tipli elektron qaz sayğacı ilə əvəzlənmiş, 8 ədəd yeni tənzimləyici quraşdırılmış, 4 ədəd tənzimləyici əsaslı təmir olunmuşdur.
Zığ-Hövsan yolunda yenidənqurma işlərinə başlanılmış, rayonda 120,0 min kv.m. asfalt örtüyü salınmış, 204 ədəd işıq dirəyi və 344 ədəd çılçıraq quraşdırılmışdır.
Qaraçuxur və Zığ qəsəbələrində, Yeni Günəşli “D” və “Q” yaşayış sahələrində mövcud olan qəzalı istinad divarlarında bərpa-gücləndirmə işləri aparılmışdır.
R.Hacıyev qeyd etmişdir ki, qışa hazırlıqla bağlı RİH başçısının sərəncamından irəli gələn vəzifələrin icrası rayonun xidmət sahələri ilə birgə təmin ediləcəkdir.
Məruzə ətrafında çıxış edənlər görülmüş işlərlə yanaşı qarşıya çıxan müəyyən çatışmazlıqları da qeyd edərək tezliklə həll olunmasının vacibliyini diqqətə çatdırdılar.
İclası yekunlaşdıran Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov son illər ərzində Suraxanı rayonunun sosial-iqtisadi inkişafına dair bəzi statistik göstəriciləri yığıncaq iştirakçılarının nəzərinə çatdırdı. Bildirdi ki, rayonda 178 419,0 p.m su, 91 077,0 p.m kanalizasiya, 1 138 712,0 p.m qaz, 33 870,0 p.m istilik, 278 900,0 metr elektrik hava, 1 494 600,0 metr elektrik kabel xətti çəkilmiş, 12 760,0 p.m kanalizasiya kollektoru tikilmiş, 11 575 ədəd elektrik dirəyi quraşdırılmış, 123 ədəd KTM tikilmiş, 69 ədəd KTM quraşdırılmış, 62 ədəd KTM əsaslı təmir olunmuş, 102 ədəd transformator qoyulmuş, 26 ədəd qazanxana tikilmiş, 2 393 466,6 kv.m asfalt örtüyü (qəsəbədaxili küçələrə - 1 384 187,7 kv.m,  məhəllədaxili ərazilərə isə - 1 009 278,9 kv.m) salınmış, 23,0 km. yeni magistral,  0,5 km. qəsəbədaxili yollar salınmışdır.
İlqar Abbasov tədbiri bu sözlərlə yekunlaşdırmışdır: “Suraxanı rayonunun  inkişafına  hərtərəfli dəstək verən, diqqət və qayğı göstərən Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, Azərbaycanın tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi  naminə üzərimizə düşən vəzifələrimizi layiqincə yerinə yetirəcəyik.”

Keçidlər