Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün, oktyabrın 15-i torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən leytenant Əliyev Samir Əliheydər oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 1 il ötür.

15 oktyabr 2021 | 16:00

Anım günü münasibətilə Şəhidin II Fəxri Xiyabanda məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülərək dualar oxunmuş, ruhu böyük ehtiramla yad edilmişdir. Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Suraxanı Rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Suraxanı rayon təşkilatının sədri, RİHB-nin müavinləri, şöbə müdirləri, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə sədri, Suraxanı Gənclər Evinin direktoru, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri, "Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhidin doğmaları, hərbiçi yoldaşları, rayon ictimaiyyəti iştirak etmişlər.
Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov Şəhidin doğmalarına səbr diləyərək bildirmişdir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.  Bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır. Dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
Qeyd edək ki, Şəhidimiz Samir Əliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə 3-cü dərəcəli “Rəşadət” ordeni, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Keçidlər