Bu gün, oktyabrın 17-i torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən Babayev Əmirxan Mirilham oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 1 il ötür.
Şəhidimiz Əmirxan Babayevin anım günündə onun məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülərək dualar oxunmuş, ruhu böyük ehtiramla yad edilmişdir.
Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət xanım Həsənova, Suraxanı Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Rayon Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri, Şəhidin doğmaları, rayon ictimaiyyəti iştirak etmişlər.
Bizə Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın həsrətini çəkdiyimiz Vətən torpaqlarının geri qaytarılması sevincini bəxş edən Əmirxan kimi Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirik. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onlar əsrlər keçsə də unudulmayacaqlar.
Qeyd edək ki, Şəhidimiz Əmirxan Babayev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.