Bu gün, oktyabrın 19-u torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən Məmmədov Mahir Ağasəlim oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 1 il ötür.
Vətən naminə canını fəda edən, torpaqlarımızın ərazi bütövlüyü yolunda öz qanı ilə adını Şəhidlik zirvəsinə yazan qəhrəman vətən oğullarımızdan biri, müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Mahir Məmmədova Allahdan rəhmət, ailəsinə səbr diləyirik.
Qeyd edək ki, Şəhidimiz Mahir Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən, adlarını qəhrəmanlıq salnaməsinə yazmaqla Vətənin bölünməzliyinə imza atan Şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların doğmalarına, ailə üzvlərinə təskinlik verərək diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcumuz, ən ümdə vəzifəmizdir.
Hər biri bir qəhrəmanlıq dastanı olan Şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik!