Oktyabrın 9-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət xanım Həsənova qəsəbədə sakinlərlə görüşmüş və həyata keçirilən işlər barədə ətraflı məlumat verilmişdir.
Uzun illərdir neft çıxarılması nəticəsində əmələ gələn kimyəvi tərkibli texniki lay sularının Yeni Suraxanı qəsəbəsində torpaq səthində açıq şəkildə axıdılması, həmçinin bunun nəticəsində ekoloji baxımdan fəsadlara səbəb olan radioaktiv elementlərin yaratdıqları çirklənmələr qəsəbə sakinlərinin ciddi narazılığına çevrilmişdir.
Problemin aradan qaldırılması istiqamətində ötən ilin sonlarından tədbirlər görülərək həmin tullantı sularının yeraltı boru vasitəsi ilə axıdılmasını təmin etməklə ekoloji problemin həlli üçün kanalın yenidən qurulması işlərinə başlanılmışdır.
Qeyd edək ki, əhalinin sağlamlığını qoruyan tədbirlərin yerinə yetirilməsinin labüdlüyü ilk növbədə nəzərə alınaraq neft-mədən sularının axıdıldığı sözügedən açıq kanalın yenidənqurma işləri aparılan 1800 metr hissəsində üzəri xüsusi dəmir-beton pilətələrlə bağlanaraq qapalı sistemə keçirilmişdir.
Həmçinin, qəsəbə sakinlərini narahat edən digər məsələlər dinlənilmiş və müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.