Ali Baş komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində keçən ilin bu günü Xocavənd rayonunun Hadrut qəsəbəsi işğaldan azad olundu.
Hadrut qəsəbəsinin və daha 8 yaşayış məntəqəsinin işğaldan azad edildiyini Prezident, Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il oktyabrın 9-da xalqa müraciətində elan edib.
Dövlət başçısı aparılan uğurlu əməliyyatla Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı, Tərtər rayonunun Çaylı, Xocavənd rayonunun Sor kəndlərinin və Hadrut qəsəbəsinin işğaldan azad edildiyini bildirib.
Hadrutun azad edilməsi 44 günlük müharibənin əsas dönüş nöqtələrindən hesab olunur.
Hadrut əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Hadrut qəsəbəsinin işğaldan azad edilməsi Ermənistan ordusunun ağır məğlubiyyəti olmaqla yanaşı, psixoloji baxımdan da ermənilərə böyük zərbə oldu. İşğalçı bu məğlubiyyətdən özünə gəlmədi, Azərbaycan Ordusunun isə Şuşaya yolu açıldı.
Bu sevinci bizə yaşadan, torpaqlarımızın geri alınmasında misilsiz şücaət göstərən Şəhidlərimizə Allahdan rəhmət diləyirik.