Sentyabrın 28-də Şəhid Əlimov Elvin Nəsrəddin oğlunun adının əbədiləşdirilməsi məqsədilə onun xatirəsinə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilmiş bulaq – abidə kompleksinin açılış mərasimi keçirilmişdir
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı Rayon Prokuroru Rəşid Mahmudov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, Şəhidin doğmaları, rayon ictimaiyyəti iştirak etmişlər.
Suraxanı RİH başçısı Əziz Əzizov mərasimdə çıxış edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının igidliyini və əyilməz ruhunu nümayiş etdirdi. Düşmənin təxribatı nəticəsində sentyabrın 27-dən etibarən başlayan “Dəmir yumruq” əməliyyatı Azərbaycanın hərbi qüdrətini, yüksək döyüş bacarığını nümayiş etdirərək Ermənistan silahlı qüvvələrini diz çökdürdü. Müzəffər ordumuzun müharibədə gücünü və peşəkarlığını görmək hamımıza nəsib oldu. Lakin müharibə itkisiz, şəhidsiz olmur və bu müharibə də şəhidlərimizin qanı, qazilərimizin canı bahasına əldə edildi. Allahdan bütün Şəhidimizə rəhmət diləyən RİH başçısı onun ailəsinə səbr arzu edərək təsəlli verib.
Qeyd edək ki, Azərbaycan Ordusunun baş leytenantı olan Elvin Əlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhidlik məqamına ucalaraq yaşadığı Hövsan qəsəbəsində dəfn olunmuşdur.
Şəhidimiz Elvin Əlimov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə “İgidliyə görə”, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Azərbaycan Respublikasının Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.