Xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından, qanından keçən igid Vətən oğullarımızdan biri Şəhidimiz Hüseynov İsabala Ceyhun oğlu yaşasaydı bu gün 20 yaşı tamam olacaqdı.
2001-ci ilin bu günündə dünyaya göz açan Şəhidimizin doğum günü münasibətilə onun adının əbədiləşdirilməsi məqsədilə inşa edilmiş xatirə abidə kompleksinin qarşısında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, müavinlərinin, RİHBA-nın şöbə müdirlərinin, Qaraçuxur və Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin, YAP Suraxanı rayon təşkilatının əməkdaşlarının, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədrinin, Canlı İşıqfor”un Vətənpərvərlik qrupunun və gənclərin, Şəhidin təhsil aldığı 318 saylı tam orta məktəbin kollektivinin iştirakı ilə ruhu ehtiramla yad edilmiş, həmçinin, onun dəfn olunduğu Əmircan qəsəbəsində məzarı ziyarət edilərək dualar oxunmuş, məzarı önünə gül dəstələri düzülmüşdür.
Suraxanı RİH başçısı Əziz Əzizov şəhidin ailəsinə bir daha dərin hüznlə baş sağlığı verərək, səbr diləmiş, eləcə də Azərbaycan Ordusunun qüdrətindən, Şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açmış, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirmişdir.
2020-ci il sentyabrın 27-də işğal altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində gedən döyüşlərdə fəal iştirak edərək igidlik və fədakarlıq göstərən İsabala Hüseynov Laçın döyüşləri zamanı şəhid olmuşdur.
O, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.