Suraxanıda 20 Yanvar faciəsinin 22-ci ildönümü geniş qeyd edilmişdir
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin "20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında" 13 dekabr 2011-ci il tarixli sərəncamının icrasının təmin edilməsi, həmçinin Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsinin dərin hüznlə yad edilməsi məqsədi ilə rayon İcra Hakimiyyəti başçısının 06 yanvar 2012-ci il tarixli sərəncamı ilə tədbirlər planı təsdiq edilmiş və rayonda silsilə tədbirlər keçirilmişdir.
Tədbirlər planına müvafiq olaraq rayonun bütün ərazisində 20 yanvar şəhidlərinin xatirəsi ilə bağlı olan ərazilərdə abadlıq və təmizlik işləri görülmüşdür.
Tərtib olunmuş cədvələ uyğun olaraq "Suraxanı rayonu Heydər Əliyev Mərkəzi"ndə elektron auditoriyalarda 16-19 yanvar 2012-ci il tarixlərində rayonda təhsil alan şagirdlərə 20 Yanvar faciəsi haqqında filmin nümayişi təşkil etdirilmişdir.
Rayon ərazisində yerləşən bütün sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində "Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin qanlı 20 yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda xatirə tədbirləri keçirilmişdir.Eyni zamanda rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmiş, şagirdlərin çəkdikləri rəsmlər nümayiş etdirilmişdir.
Rayonun qəsəbələrində şəhidlərin dəfn olunduğu və onların xatirəsinə ucaldılmış abidələrin rayon ictimaiyyəti tərəfindən ziyarət olunması təşkil olunmuş, 20 Yanvar Şəhid ailələri və əlillərinə ərzaq yardımı edilmişdir.
19 yanvar 2012-ci il tarixdə 114 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş ümumrayon tədbirinin iştirakçıları əvvəlcə məktəbdə yaradılmış "Veteranlar guşəsi" ilə tanış olmuş, sonra isə məktəbin akt zalında tədbir keçirilmişdir.
Tədbirdə rayon Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının fəalları, rayon ərazisində yerləşən müəssisələrin rəhbərləri, ictimai təşkilatların nümayəndələri iştirak etmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov qeyd etmişdir ki, Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən respublikaya daxil olması xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edildi. Ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, haqq-ədalətin bərqərar olmasını istəyən, azadlıq, müstəqillik uğrunda mücadilə aparan, mərkəzin siyasətinə etiraz edən yüzlərlə dinc insan, o cümlədən uşaq, qoca, qadın qətlə yetirildi, yaralandı, itkin düşdü. Təkcə Bakı şəhərində 131 mülki şəxs öldürüldü, 700-dən çox adam yaralandı.
Natiq bildirmişdir ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının tək faciəsi yox, həm də tarixinin ən şərəfli səhifələrindən biri, milli azadlıq hərəkatının yüksəliş zirvəsidir.20 Yanvar özümüzü bir millət kimi tanıyan və dərk edən gündür.1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilmişdir. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi.
Tədbirdə xüsusi vurğulanmışdır ki, yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il mart ayının 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Sənəddə 20 Yanvar faciəsi qabaqcadan şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmiş cinayət aktı kimi qiymətləndirilirdi.
Ümummilli lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmuş, onların adlarının əbədiləşdirilməsi məqsədilə sərəncamlar imzalamışdır. Ulu öndərin 17 yanvar 2000-ci il tarixli fərmanına əsasən 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına "20 Yanvar şəhidi" fəxri adı verilmişdir.
Çıxış edənlər xüsusi vurğuladılar ki, Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm sənədlər imzalamışdır. Ölkə rəhbəri bu illər ərzində vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir.
Dövlət başçısının "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" 19 yanvar 2006-cı il tarixli fərmanı bu baxımdan müstəsna əhəmiyyət kəsb edir.
Tədbirdə bir daha qeyd olundu ki, XX əsr tarixində totalitarizmin ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycana qarşı işlədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Həmin gün xalqımız hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. Qanlı qırğından 22 il keçməsinə baxmayaraq, o müdhiş gecəni hamı xatırlayır, ağrılarını yaşayır. Hər il milyonlarla insan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir.Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
Tədbirin sonunda 114 saylı tam orta məktəblilərin şagirdlərinin ifasında "Yarımçıq qalmış ömür ..." adlı ədəbi-bədii kompazisiya göstərilmişdir.