Sentyabrın 10-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilmişdir.
Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, şöbə müdirləri, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri, məktəb direktorları, ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən rayon məzunları və valideynlər iştirak etmişlər.
İlk öncə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsi ziyarət edilmiş, önünə gül dəstələri düzülmüş və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilmişdir.
Suraxanı Rayon Heydər Əliyev Parkında keçirilən görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbiri giriş sözü ilə açmış və Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçərək şəhid olmuş vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Əziz Əzizov bildirmişdir ki, Ulu Öndərin əsasını qoyduğu təhsil islahatları “Təhsil bizim gələcəyimizdir, gec-tez, təbii sərvətlər tükənəcək, bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir” deyən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda 44 günlük vətən müharibəsinin bizə bəxş etdiyi Zəfər ilinin ilk məzunları olmağın böyük fəxr və qürur hissi olduğunu vurğulamışdır.
Əziz Əzizov qeyd etmişdir ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsi olaraq, bu il də rayon məzunları dövlətimizin yaratdığı imkanlardan bəhrələnərək Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yaxşı nəticə göstərmişlər. 2020-2021-ci tədris ilində 2067 nəfər məzun olmuşdur. Onlardan 47 nəfəri 600-dən yuxarı, o cümlədən 8 nəfəri 650-dən yuxarı bal toplamışdır. 62 məzun məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. Respublika üzrə “Qızıl nişana” layiq görülmüş 21 nəfər şagirddən 2-si Suraxanı rayonu V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin məzunlarıdır.
Görüşdə Milli Məclisin deputatı Etibar Əliyev, Suraxanı rayon prokuroru Rəşid Mahmudov, Suraxanı Rayon Məhkəməsinin sədri Kəramət Əliyev, Əmircan qəsəbə nümayəndəliyinin sədri Əlixan Əliyev, Bünyadəli Qulamoğlu adına 285 №-li tam orta məktəbin direktoru Səfurə Rəhimova, Abil Səfərov adına 114 №-li tam orta məktəbin direktoru Ceyran Novruzova və Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Ağalar Bayramov çıxış edərək məzunları təbrik etmişlər.
Rayon üzrə ən yüksək nəticə əldə edərək, tələdə adını qazanmış Səttar Bəhllzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın məzunu Kərimova Maya Ramin qızı, 89 nömrəli tam orta məktəbin məzunu Müzəffərov Tural Həsən oğlu və Ramiq Abidov adına 85 nömrəli tam orta məktəbin məzunu Hümmətli Murad Arif oğlu gənclərə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
Təbriklərdən sonra Suraxanı rayonu üzrə ən yüksək nəticə əldə etmiş 47 məzun və təhsildə xüsusi fərqlənmiş 3 şagird Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunmuş, qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Sonda rayonun Pərviz İsmayılov adına 278 nömrəli tam orta məktəbinin ötən ilki məzunu, Hacettepe Ankara Muzik və Güzel Sanatlar Universitesinin 2-ci kurs tələbəsi Nigar Rəhimovanın ifasında bədii hissə təqdim olunmuşdur.