44 günlük Vətən müharibəsində canından keçərək Şəhidlik məqamına yüksəlmiş igid oğullarımızdan biri Şahbazov Elnur Qədir oğlunun bu gün 20 yaşı tamam olur.
Bu münasibətlə avqustun 20-də Şəhidimizin doğum günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, YAP Suraxanı rayon təşkilatının sədri, RİHBA-nın şöbə müdirləri, Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin sədri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu, Şəhid anaları və rayon sakinləri Elnur Şahbazovun əziz xatirəsini ehtiramla yad etmiş, Yeni Suraxanı qəsəbəsində məzarını ziyarət edərək onun ruhuna dualar oxumuşlar.
Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov Vətən müharibəsində qazanılan zəfərimizdə, alınan torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanının, hər birinin fərqli qəhrəmanlıq salnaməsinin olduğunu qeyd etdi. O, bildirdi ki, düşmənə qarşı mərdliklə vuruşan oğullarımızın bu gün qürurla danışdığımız, gələcək nəsillər üçün örnək olacaq qəhrəmanlıq hekayələrini dinlədikcə qürurlanmamaq olmur. Şəhidimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən RİH başçısı Elnur Şahbazovun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləmişdir.
Qeyd edək ki, 2019-cu il oktyabr ayında həqiqi hərbi xidmətə yollanan Elnur Şahbazov Vətən müharibəsində igidliklə vuruşaraq cəbhənin müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib. Laçın dəhlizi uğrunda gedən döyüşlərdə ölümün gözünə dik baxaraq 6 şəhidi döyüş meydanından çıxararkən özü də Şəhidlik zirvəsinə ucalmışdır.
Elnur Şahbazov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə “Cəsur döyüşçü”, Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.