Suraxanıda 18 Oktyabr - Dövlət Müstəqilliyi günü qeyd olunmuşdur
18 oktyabr 2014-cü il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Suraxanı rayon İcra Hakimiyyəti və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə hazırlanmış Dövlət Müstəqilliyi gününə həsr olunmuş konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Suraxanı rayonu Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə tər gül dəstələri qoydular. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Mərkəzin elektron lektoriya zalında tədbir davam etdi.
Dövlət himni səsləndikdən sonra konfrans iştirakçıları “Müstəqillik” filminə tamaşa etdilər. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov konfransı giriş sözü ilə açaraq Azərbaycan xalqının illər uzunu özündə yaşatdığı istiqlal ideyasının kerçəkləşdirən tarixi şəraitdən, müstəqillik uğrunda aparılan mübarizədən və bu müstəqilliyin qorunub möhkəmləndirilməsində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin tarixi rolu haqqında geniş məruzə ilə çıxış etdi.
İlqar Abbasov məruzəsində qeyd etdi ki, Dövlət Müstəqilliyi haqqında konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin qayıdışından sonra əldə etmişdir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi. Azərbaycan tarixində yeni mərhələ başladı.
Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ümummilli Lider Heydər Əliyev müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.
Konfransda çıxış edənlər Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, 279 saylı tam orta məktəbin tarix müəllimi Ofelya Musayeva və Milli Məclisin deputatı Sevinc Fətəliyeva müstəqillik yolunda Azərbaycan xalqının çoxillik mübarizə tarixindən və Azərbaycanın müstəqilliyi qazanması və onun qorunmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu haqqında danışdılar.
Çıxışlarda vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin praqmatik siyasəti və yüksək idarəçilik qabiliyyəti ilə Azərbaycan dinamik inkişafını davam etdirir, zaman keçdikcə Dünyada Azərbaycanın siyasi çəkisi artır, iqtisadi cəhətdən qüdrətlənir və zəngin mədəni irsini dünyaya tanıdır. Müstəqillik yolu Azərbaycan xalqını firavan gələcəyə aparır.