Suraxanı rayonunda “Bizim həyət” layihəsi davam edir.
IDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsində abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət 4000 nəfərdən çox sakinin yaşadığı 1-13 saylı binaları əhatə edir.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, şahmat meydançaları, uşaqlar üçün oyun meydançaları, velosiped yolu salınıb. Yeni həyətin ərazisində 12 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni liftlər,işıqlandırma dirəkləri, yanğın hidrantları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 30 ədəd ağac əkilib və 2500 kv.metr ərazidə yaşıllıq zolağı salınıb.