“Füzulinin azad olunmasına görə” medalının təqdimetmə mərasimi
Avqustun 6-da Suraxanı Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif edilmiş, Vətən müharibəsində qəhrəmanlıqla şəhid olanların ailə üzvlərinə, müharibə iştirakçılarına və qazilərə “Füzulinin azad olunmasına görə” medalının təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi və əməkdaşları, RİHBA-nın şöbə müdirləri, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbələrinin sədrləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları iştirak edib.
RİH başçısı Əziz Əzizov çıxış edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Şanlı Ordumuzun zəfəri Azərbaycanın tarixi qələbəsini təmin etdi. 44 günlük Vətən müharibəsində əldə olunan bu tarixi Qələbə bizim milli qürur mənbəyimiz və şərəfli tariximizdir. 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini əzmlə, səbrlə gözləyən Azərbaycan xalqı Ali Baş Komandanının ətrafında hər gün daha sıx birləşdi, birliyimiz hər gün daha da möhkəmləndi. Və bunun nətəcəsində işğalçı ölkə Azərbaycanın Şanlı Ordusu qarşısında duruş gətirə bilməyəcəyini və iflasa məhkum olduğunu dərk edərək diz çökdü.
Vətən müharibəsində öz qanı, canı bahasına torpaqlarımızı qoruyan Şəhidlərimizə Allahdan rəhmət diləyən Əziz Əzizov onların hər zaman xalqımızın qəlbində əbədi yaşayacağını vurğulamışdır.
Eyni zamanda, hazırda işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa-quruculuq işlərinin həyata keçirildiyindən bəhs edən RİH başçısı ölkə başçımızın həmin ərazilərə mütəmadi səfərlərinin xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığını və 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda artıq canlanmanın, əhəmiyyətli layihələrin həyata keçirildiyini qeyd etmişdir.
Qeyd edək ki, tədbirdə iştirak edən Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları onlara göstərilən dövlət qayğısına görə ölkə başçımız, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.