İyulun 30-da FHN-nin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Akademiyasında "Mənim atam qəhrəmandır" adlı tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının dəstəyi, nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı və Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, övladlarının iştirakı ilə keçirilən tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı rayon prokuroru Rəşid Mahmudov, RİHBA-nın şöbə müdirləri, FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, nazirliyin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva, Müdafiə, Təhsil, həmçinin Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak ediblər.
İlk öncə şəhid övladlarının Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilərək Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və şəhid övladları sülh rəmzi olan göyərçinləri havaya uçurublar.
Tədbirdə çıxış edən Suraxanı RİH başçısı Əziz Əzizov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən və bu tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs etmiş, Şəhidlərimizin özündən sonra xalqına, elinə əmanət qoyduğu övladlarının vətənpərvər ruhda böyüyəcəklərinə və onların həyata keçirə bilmədikləri arzularını gerçəkləşdirəcəklərinə əmin olduğunu bildirmişdir.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Şəhid övladları üçün əyləncəli tədbir proqramı təşkil olunub.